Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, 27 sentyabr 2024-cü il, cümə günü (6 mehr 1403-cü il) İslam ümmətinin tarixində acı bir gün kimi yadda qaldı. Həmin gün İslam ümməti Seyid Həsən Nəsrullah kimi misilsiz şəxsiyyətlərdən birinin itkisinin matəmini yaşadı. Şəhid Seyid Həsən Nəsrullahın siyasi və ictihadi şəxsiyyəti haqqında çox danışılıb. Lakin onun tam mənada bir ruhani kimi elmi və dini şəxsiyyəti haqqında daha az söz açılıb.
*Karantinadan Əməl hərəkatına: Seyid Həsən Nəsrullahın uşaqlıq və yeniyetməlik illəri
Şəhid Seyid Həsən Nəsrullah 31 avqust 1960-cı ildə, şəmsi təqvimi ilə 9 şəhrivər 1339-cu ildə, Beyrutun şərq hissəsində yerləşən yoxsul Karantina məhəlləsində dünyaya gəlib. Atası Seyid Əbdülkərim Livanın cənubunda yerləşən Sur şəhərinin ətrafındakı Bazuriyyə kəndindən idi. O, Beyruta köçmüş və bu məhəllədə meyvə dükanı işlədirdi.
Seyid Həsənin uşaqlıq və yeniyetməlik illəri Beyrutun ətrafında keçib. O, ibtidai təhsilini Beyrutun şərqində yerləşən Ən-Nəcah məktəbində, orta təhsilinin bir hissəsini isə xristianların məskunlaşdığı Sin əl-Fil məhəlləsindəki Ət-Tərbiyyə liseyində alıb. O, həmin illərdə atasına dükanında kömək etmək üçün gedirdi. Dükanın divarından Livan şiələrinin lideri İmam Seyid Musa Sədrin şəkli asılmışdı. Seyid Həsən İmam Musa Sədrə vurğun idi və bir gün onun kimi olmağı arzulayırdı.
Seyid də məhəllənin digər uşaqları kimi vaxtını futbol oynamaq və dənizdə üzməklə keçirmirdi. Əksinə, camaat namazında iştirak etmək üçün Karantina məscidinə gedirdi. Ailəsinin heç bir üzvü ruhani olmasa da, dini məsələlərə riayət etməyə böyük maraq göstərirdi və bu maraq namaz və oruc kimi adi dini vacibatların yerinə yetirilməsi ilə məhdudlaşmırdı.
Yeniyetməlik yaşlarında İmam Musa Sədrin davranış və sözlərinin təsiri altına düşən Seyid Həsən Beyrut şəhərinin mərkəzində yerləşən Bürc məhəlləsinə və indiki Şəhidlər meydanına gedərək səyyar satıcılardan ikinci əl kitablar alırdı. O, İslam və siyasi mövzulu kitablar alırdı. Bəzən əlinə xüsusi elmi və fikri məzmunlu bir kitab düşəndə və onun məzmununu anlaya bilməyəndə, böyüyəndə oxumaq üçün həmin kitabı bir kənara qoyurdu.
Həmin il Livanda vətəndaş müharibəsinin başlaması ilə 15 yaşlı Seyid Həsən ailəsi ilə birlikdə atasının doğulduğu, Livanın cənubunda yerləşən Bazuriyyə kəndinə köçdü və orta təhsilini Sur şəhərində davam etdirdi. O, Bazuriyyə kəndində Livan Müqavimət Alayları Hərəkatının (Əməl) sıralarına qoşuldu. Bu, onun qəlbdən gələn istəyinə əsaslanan bir addım idi. Çünki o, Livanın cənubunda yaşayan bütün insanlar kimi, Əməl hərəkatının banisi İmam Musa Sədrə böyük maraq və məhəbbət bəsləyirdi. Bazuriyyə kəndi həmin günlərdə Livanın digər bölgələri kimi solçu ziyalıların, xüsusilə Livan Kommunist Partiyasının tərəfdarlarının və ya Fələstin qruplarının fəaliyyət meydanına çevrilmişdi. Hər halda çox keçmədi ki, gənc olmalarına baxmayaraq, Seyid Həsən və qardaşı Seyid Hüseyn Bazuriyyə kəndində Əməl hərəkatının məsuliyyətini öz üzərlərinə götürdülər.
* Seyid Həsən Nəsrullahın ruhani təhsil almağa başlaması və bu sahəyə olan həvəsi: Bəəlbək hövzəsindən Nəcəfə və geri qayıdış
Həmin günlərdə dini elmləri öyrənmək həvəsi gənc Seyid Həsənə bir an belə rahatlıq vermirdi. İmam Musa Sədrin düşüncələrindən böyük təsir alan Seyid Həsən ruhani təbəqəsinə maraq göstərirdi. Buna görə də onun kimi dini tələbə təhsili almağa qərar verdi və gələcəkdə ruhani kimi fəaliyyət göstərərək insanlara əxlaqi istiqamət vermək və onları Allahın dini ilə tanış etmək istəyirdi. O, Bəəlbək şəhərində yerləşən «İmam Əli (ə)» adına Elmi hövzəyə daxil oldu və həmin hövzənin müəllimlərindən dini elmlərin müqəddimə mərhələsini öyrəndi. Bu hövzənin banisi İmam Musa Sədr idi və həmin vaxt hövzə şəhid Seyid Abbas Musəvinin rəhbərliyi ilə idarə olunurdu.
Livanın cənubunda olduğu müddətdə o, şiələrin yaşadığı Sur şəhərinin imam-cüməsi «Seyid Məhəmməd Qərəvi» ilə tanış oldu. O, Seyid Həsəni Nəcəfin Elmi hövzəsində təhsil almağa təşviq etdi və nəhayət, Seyid Nəcəfin Elmi hövzəsinə yollandı.
Seyid Həsən bu barədə deyir: «1976-cı il dekabrın 16-sı və ya 17-də Seyid Abbas Musəvi ilə tanış oldum. Nəcəfə çatanda 16 yaşım var idi və ilk dəfə idi ki, Livandan kənara çıxırdım. Cənab Abbas Musəvinin evinə getdikdən sonra Ayətullah Məhəmmədbaqir Sədr ilə görüşdüm. Cənab Məhəmmədbaqir Sədr məndən Livan və təhsilimlə bağlı bir sıra suallar soruşdu və cənab Abbas Musəvidən xahiş etdi ki, mənim yaşayış, məskunlaşma və təhsil məsələlərimin hamısını tənzimləsin. Həmçinin mənə müəyyən məbləğdə pul verdi.
Seyid Abbas Musəvi çox ağıllı, hazırlıqlı, işində və təhsilində ciddi insan idi. Qismətimiz belə oldu ki, şəhid Məhəmmədbaqir Sədrin evinə getdik və o, tələbələri qəbul etmədiyi halda bizi qəbul etdi. Bu, Seyid Abbas Musəvinin Məhəmmədbaqir Sədrin yanındakı mövqeyini göstərirdi.
Bir neçə dəqiqə sonra onun sadə və təvazökar bir otaqdan ibarət olan ofisinə getdik. Bu, onu ilk dəfə görməyim idi. Salam verdik və əyləşdik. Mən həqiqətən çox həyəcanlanmışdım, lakin o, bizimlə çox təvazökar və təbəssümlə davrandı. Buna görə də bir neçə dəqiqə sonra vəziyyət mənim üçün adi hala gəldi.
O, məndən İmam Musa Sədr haqqında soruşdu. Bu görüşün beş dəqiqədən çox çəkməməsi nəzərdə tutulmuşdu, lakin biz yarım saat söhbət etdik. O, Seyid Abbasa baxaraq dedi: “Siz mənim tərəfimdən vəkilsiniz, onun təhsil işlərini qaydaya salın.”
Seyid Məhəmmədbaqir Sədr fəqih, mütəfəkkir və hövzənin ən böyük müəllimlərindən biri idi. O, məndən yanımda pul olub-olmadığını soruşdu. Mən utanmadan pulumun tükəndiyini dedim. O, Seyid Abbasa pul verərək dedi: “Bu pul onun əmmaməsi, əbası və təhsil xərcləri üçündür.”»
Seyid Həsən Nəsrullah Livana qayıtdıqdan sonra hər şeydən əvvəl hövzə təhsilini davam etdirmək istəyirdi. Çox keçmədi ki, Seyid Abbas Musəvi Livanın bir sıra din alimlərinin əməkdaşlığı ilə Bəəlbək şəhərində «İmam Müntəzər (ə.f)» adına Elmi hövzə təsis etdi. Bu hövzə nümunəvi mərkəzlərdən biri hesab olunurdu və Bəqa vadisi ilə yanaşı, Beyrut və Livanın cənubu kimi digər bölgələrdə də çox təsirli təbliğat fəaliyyəti həyata keçirirdi. Seyid Həsən Nəsrullah bu hövzədə həm daha yüksək səviyyələrdə təhsil alır, həm də yeni tələbələrə dərs deyirdi.
* Seyid Həsən Nəsrullahın İmam Xomeyni ilə görüşü: Şəri vəsaitlərin alınmasına icazə və Qumda təhsilin davam etdirilməsi
1360-cı il Aban ayının 6-da (28 oktyabr 1981-ci il) səhər saatlarında Əməl hərəkatının üzvləri Seyid Həsən Nəsrullahla birlikdə Cəməranda İmam Xomeyninin (r) hüzuruna getdilər. Həmin gün 21 yaşlı Seyid Həsən Nəsrullah İmam Xomeynidən şəri vəsaitləri toplamaq üçün icazə hökmü aldı. Bu, İmam Xomeyninin (r) çox nadir hallarda kiməsə verdiyi bir icazə idi. Müqavimət liderlərindən olan Şeyx Subhi Tüfeyli yeddi il sonra, 1367-ci il Aban ayının 14-də (5 noyabr 1988-ci il), Hizbullahın ilk baş katibi şəhid Seyid Abbas Musəvi isə 1366-cı il Bəhmən ayının 20-də (9 fevral 1988-ci il) İmamın göstərişi ilə hisbi və şəri işlərə müdaxilə etmək üçün icazə almışdılar.
İmam Xomeyninin hökmündə belə yazılıb:
"Bağışlayan və mehriban Allahın adı ilə
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam Məhəmmədə və onun pak Əhli-beytinə olsun. Allahın lənəti onların bütün düşmənlərinə olsun.
Bundan sonra, Hacı Seyid Həsən Nəsrullah (Allahın lütfü daim üzərinə olsun) cənabları mənim tərəfimdən hisbi işlərə rəhbərlik etmək, şəri vəsaitləri toplamaq, insanların haqqına aid olan malları, zəkatları və kəffarələri şəriətdə müəyyən edilmiş yerlərdə xərcləmək üçün icazəlidirlər. Mübarək iki səhmə münasibətdə də öz xərcləri üçün onları qənaət və iqtisadla götürüb xərcləməyə icazələri vardır. Xərclərindən artıq qalan vəsaitin isə yarısını böyük seyyidlərin (Allah onların sayını artırsın) xeyrinə və müqəddəs şəriətin təbliğinə sərf etməyə, digər yarısını isə göndərməyə icazəlidirlər.
Ona tövsiyə edirəm – Allah-taala onu hidayət etsin – saleh sələflərin tövsiyə etdikləri kimi təqvaya bağlı qalsın, nəfsani istəklərdən uzaq dursun, din və dünya işlərində ehtiyat prinsipindən möhkəm yapışsın və məni özünün xeyir-dualarından unutmasın.
Ona, mömin qardaşlarımıza Allahın salamı, rəhməti və bərəkəti olsun.
Ruhullah Musəvi Xomeyni"
Şəhid Nəsrullah İmam Xomeyni (r) ilə son görüşü barədə deyirdi: «Həmin beş-altı nəfərlik qrupla birlikdə mən də içəri daxil oldum. Bəzən təkbaşına İrana gələndə İmamdan görüş üçün vaxt istəyirdim. Ömrünün son illərində həzrət Ayətullah İmam Xomeyni (r) ilə görüşmək çətin olsa da, o, məni qəbul edirdi və mən öz məsələlərimizi onun qarşısında qaldırır, cavablarını alırdım. İmam Xomeyni ilə (r) son görüşüm onun vəfatından bir neçə ay əvvəl olmuşdu. Livandakı vəziyyətlə bağlı hesabat təqdim etdim və məsələləri izah etdim. Livanın cənubundakı İslam Müqaviməti hərəkatının son nailiyyətləri barədə danışdım. Düşünürəm ki, Şaban ayında onun hüzuruna getmişdim və həzrət İmam Xomeyni (r) mübarək Ramazan ayından bir müddət sonra vəfat etdi. Həmin görüşdə səhhətinin və vəziyyətinin ağır olmasına baxmayaraq, məsələləri diqqətlə və səbrlə dinlədi.»
İmam Xomeyninin (r) vəfatından sonrakı illərdə o, İrana gələrək yenidən hövzə təhsilinə və elmi müzakirələrə başladı. Seyid Həsən bu barədə deyir: «Hizbullahda üzərimə düşən və demək olar ki, bütün vaxtımı alan məsuliyyətlərə baxmayaraq, təhsilimi davam etdirmək qərarına gəldim. Lakin İsrailin genişmiqyaslı işğalı və hərtərəfli hücumu səbəbindən təhsilimi müvəqqəti olaraq dayandırmağa məcbur oldum. Lakin yeddi il sonra, 1989-cu ildə təhsilimi davam etdirmək üçün şərait yenidən yarandı. Buna görə də Hizbullahın razılığı ilə təhsilimi başa çatdırmaq məqsədilə Quma getdim. Təbii ki, həmin şəraitdə belə şayiə yayanlar öz fəaliyyətlərindən əl çəkmədilər və həmişə olduğu kimi, həqiqətə uyğun olmayan sözlər yayaraq deyirdilər ki, cənab Nəsrullah Hizbullah rəhbərləri ilə fikir ayrılığı və münaqişə səbəbindən Livanı tərk edib.»
* Mən dörd şəxsiyyətin təsiri altındayam!
Şəhid Seyid Həsən Nəsrullah özünü İmam Musa Sədrin davamçılarından biri hesab edir, eyni zamanda İmam Xomeyni və həzrət Ayətullah Xamenei kimi şəxsiyyətlərin təsiri altında olduğunu bildirirdi. O, bu barədə deyirdi: «Etiraf etməliyəm ki, İmam Musa Sədrdən çox təsirlənmişəm. Əlbəttə, daha dəqiq ifadə etsəm, deməliyəm ki, mən dörd böyük şəxsiyyətin təsiri altındayam: Həzrət İmam Xomeyni (r), həzrət İmam Musa Sədr, Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xamenei və böyük şəhid Seyid Məhəmmədbaqir Sədr. Təkcə mən deyil, Livanın bütün mücahid və inqilabçı gəncləri bu dörd böyük və əzəmətli şəxsiyyətin təsiri altındadır...
Mən iddia edə bilərəm ki, müxtəlif məsələlərə həzrət İmam Xomeyni (r) və həzrət Ayətullah Xameneinin düşüncə və yanaşmaları ilə tam şəkildə tanışam. Digər tərəfdən isə İmam Musa Sədrin düşüncələri və əsərləri üzərində geniş araşdırma aparmışam. Mənim qənaətimə görə, İmam Xomeyni (r) və İmam Musa Sədrin düşüncə və baxışları arasında heç bir əsaslı fərq və ziddiyyət yoxdur.»
Rəyiniz